skip to Main Content
TEZ-TEZ VERİLƏN SUALLAR

Pasiyentləri narahat edən məqamlar

Zobun hansı növündə gözlərin önə çıxması müşahidə olunur?

Zəhərli zobun bir növü olan Qreyvs xəstəliyində gözün önə doğru çıxması müşahidə oluna bilər. Qreyvs oftalmopatiyası adlanır. Erkən müalicə başlanarsa, çox zaman uğurlu olur. Ancaq bəzən müalicəyə erkən başlanmasına baxmayaraq gözlərin tam düzəlməsi olmaya bilir.

Siqaret çəkən xəstələrdə müalicənin effektsiz olma ehtimalı yüksəkdir. Ona görə xəstəyə mütləq siqareti kəsməyi məsləhət görürük.

Müalicə zamanı xəstə eutireoz (hormonların normal olması) vəziyyətə gətirilməlidir. Dərman, cərrahi əməliyyat, Radioaktiv yod (RAİ) müalicə üsulları mövcuddur. Müalicə üsuluna həkim xəstənin vəziyyətini nəzərə alaraq qərar verir. Qreyvs oftalmopatiyası göz həkimiylə birlikdə təqib olunur. Ehtiyac olarsa steroid müalicəsi və ya başqa müalicə əlavə olunur.

Qalxanvari vəz xəstəliklərinin hansında xəstəyə cərrahi əməliyyat edilir?

Tiroid xəstəliklərində cərrahi əməliyyat başlıca 3 qrup xəstəyə edilir.

  1. Düyünlü zobu olan, düyündən İİAB (incə iynə aspirasion biopsiya) alınaraq  qalxanvari vəz xərçəngi və ya xərçəng şübhəsi olan xəstələr
  2. Xoşxassəli olduğu halda ölçüsü böyük olan (4 sm və daha böyük) və ya gedərək böyüyən və boyunda təzyiq əlamətləri göstərən düyünləri olan xəstələr
  3. Diffuz və ya düyünlü zəhərli zobu dərman və ya radioaktiv yodla müalicə etmək mümkün olmayan xəstələr

Düyünlü zob əməliyyatsız, dərmanla müalicə olunurmu?

Əgər düyün xoşxassəlidirsə, adətən əməliyyata ehtiyac olmur. Bu düyünlər ancaq boyun bölgəsinə təzyiq edəcək qədər böyükdürsə, əməliyyat olunar. Xəstəni narahat etməyən xoşxassəli düyünləri təqib etmək yetərlidir. Təəssüf ki, bu düyünləri yox edən (əridən) dərman müalicəsi yoxdur. Bu düyünləri müəyyən fasilələrlə kontrol edib, böyüyüb böyümədikləri izlənilir.

Heç bir qan təhlili düyünün bəd və ya xoşxassəli olduğunu ayırd etməz. USM ilə qismən düyün haqqında məlumat alsaq da, düyünün bədxassəli olub olmamasını göstərən ən düzgün üsul  İİAB (incə iynə aspirasion biopsiya)-dır. Sintiqrafiya, kompyuter tomoqrafiya, MRT kimi müayinə üsullarının düyünün xarakterini göstərməkdə həssaslıqları çox aşağıdır.

İnsulin asılılıq yaradırmı?

İnsulin asılılıq yaratmaz.

İnsulinin hipoqlikemiya  (şəkərin normadan aşağı düşməsi) xaric, heç bir yan təsiri yoxdur. İnsulin müalicəsi tip 1 diabetdə mütləqdir.

Tip 2 diabetdə isə ehtiyac olduqda və həkimin uyğun gördüyü şəkildə, ağızdan qəbul edilən şəkərsalıcı dərmanlarla birlikdə və ya ancaq insulin müalicəsi təyin oluna bilər.

Tip 2 diabetlilərdə qan şəkəri normallaşdıqdan bir müddət sonra dərman müalicəsinə geri dönmə bəzi xəstələrdə mümkündür.

Hamiləlikdə insulin istifadəsi uşağa zərər verər mi?

Xeyr, tam əksinə hamiləlik müddətində qan şəkərləri kontrolda olmazsa, diabet anaya və uşağa çox ağır zərər verə bilər. Bunun qarşısını almağın ən düzgün üsulu ehtiyac varsa insulin müalicəsidir.

ONLAYN HƏKİM MƏSLƏHƏTİ

Sualınızı aşağıdakı hissədən verə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back To Top