sevdaqafarova@yahoo.com
Zəfəran Hospital
Şəkərli Diabetin Müalicəsi

Şəkərli diabetin müasir müalicəsi, şəkərsalıcı dərmanlar

Şəkərli diabetin müasir müalicəsi

Şəkərli diabetin müalicəsi zamanı ağızadan qəbul edilən şəkərsalıcı tabletlər 2-ci tip şəkərli diabet xəstələri üçündür. 1-ci tip diabetin tək müalicəsi insulindir. Şəkərli diabetin  müalicəsi düzgün qidalanma və fiziki aktivlik ilə başlayır. Diabet diaqnozu qoyulduğu zaman həkiminiz düzgün qidalanma və fiziki aktivliyə əlavə olaraq bir və ya iki fərqli tablet təyin edə bilər. Başlanğıcda şəkəriniz nə qədər yüksəkdirsə təyin olunacaq dərman miqdarı da o qədər çox ola bilər. HbA1C son 3 ayda qan şəkəri səviyyəsinin neçə olduğunu göstərən təhlildir. İdeal səviyyəsi 6.5- dən aşağı olmasıdır. Lakin yaş və əlavə xəstəliklərə görə bu göstərici 7-7.5- ə qədər yüksələ bilər.

2-ci tip diabetin yaranmasında bir neçə mexanizm rol oynayır. Şəkərsalıcı dərmanlar da şəkəri buna uyğun fərqli mexanizmlərlə tənzimləyirlər.

Şəkərsalıcı dərmanların  bir qismi insulin dirəncini azaldaraq təsir edir. Bir qismi insulin ifrazını artıran dərmanlardır. Bir hissəsi bağırsaqlardan şəkərin sorulmasını gecikdirərək təsir edir. Bir hissəsi də sidiklə şəkər atılmasını artıraraq qan şəkərini nizamlayır. Bəziləri də bağırsaq hormonları vasitəsilə təsir edir.

Şəkərli diabetin müalicəsi zamanı hər xəstənin xüsusiyyəti fərqli olduğundan müalicəsi də fərqli ola bilər. Hər dərmanın təsir mexanizmi fərqli olduğu kimi yan təsirləri də fərqlidir. Sizə hansı müalicənin daha uyğun olduğuna həkiminiz qərar verəcək. Bəzi xəstələrin şəkəri bir dərmanla nizamlanarkən, bəzi xəstələrin şəkəri isə iki və ya daha çox dərmanla normallaşır.

Bütün protokollarda tip 2 diabetli xəstənin müalicəsində ilkin seçim metformin (Qlukofaj, Siofor, Glange, Metfoqamma, Diaformin və s.) olaraq qeyd olunur. Uzun illərdir istifadə olunması və ucuz olması səbəbiylə geniş klinik təcrübəyə malikdir. Hipoqlikemiya (şəkərin normadan aşağı düşməsi) riskinin aşağı olması və çəki yönündən neytral olması və ya yüngün çəkini azaltmaq kimi təsiri preparatın üstünlüyüdür. Metformin yeməkdən sonra tox qarnına qəbul olunmalıdır. Ən çox rast gəlinən yan təsiri qarında şişlikdir. Ağızda metallik dad, ishal, B12 vitamin defisiti digər yan təsirlərindəndir. İştahı azaldıcı təsiri var. Ancaq ciddi böyrək xəstəliyi və ya ciddi orqan yetməzliyi olan xəstələrdə bu dərmanın istifadəsi əks göstərişdir.

İnsulin ifrazını artıraraq təsir edən dərmanlar sulfanilamid (qliklazid, qlimeprid, qlibenklamid, qlipizid, qlumikron) və qlinidlərdir (repaqlinid, nateqlinid). Şəkərsalıcı təsirləri yüksəkdir. Çəki artımına səbəb olurlar.  Ən önəmli yan təsirləri qan şəkərini normadan aşağı və təhlükəli salmasıdır. Ona görə də bu dərmanın qəbulundan sonra mütləq yemək yeyilməlidir.

Akarboza  bağırsaqdan bağırsaqda karbohidratların parçalanmasını yavaşladaraq yeməkdən sonra qan şəkərinin sürətli yüksəlməsinin qarşısını alan dərman qrupudur. Hər yeməkdə və yemək arası qəbulu məsləhət görülür. Qarında şişkinlik , qaz və gərginlik ən əhəmiyyətli yan təsirləridir. Şəkərsalıcı effekti yüngüldür.

Qlitazonlar (pioqlitazon, rosiqlitazon) – əzələ, qaraciyər, piy toxumasında insulin dirəncini azaldaraq təsir edir. Bəzi çalışmalarda bir neçə mmHgsüt qan təzyiqini aşağı saldığı göstərilir. Qan şəkərinin daha uzun müddət kontrolda qalmasını təmin edə bilir. Hipoqlikemiyaya səbəb olmaması, triqliserid səviyyəsini aşağı salması üstünlükdür, lakin klassik şəkərsalıcı dərmanlara görə nisbətən bahadır. Bədəndə su toplanması , qarında yağ depolanmasını artırmaq kimi yan təsirləri var. Ürək çatışmazlığında, qaraciyər yağlanmasından başqa digər qaraciyər xəstəliklərində istifadəsi əks göstərişdir. Qadınlarda klimaksdan sonra qırıq riskinin artmasına,sümük sıxlığının azalmasına səbəb ola bilər.

Son illərdə orqanizmdə qan şəkərinin nizamlanmasında qlukoqona bənzər peptid (GLP-1 və GİP ) adlanan hormonun böyük rol oynadığı aşkarlandı. Şəkərli qidaların qəbulu zamanı bu hormon ifraz olunur və insulin ifrazını stimulə edərək qan şəkərini aşağı salır. GLP-1 hormonu normada orqanizmdə olur, lakin ifraz olunduqdan qısa müddət sonra fermentlər tərəfindən parçalanır. DPP4 inhibitorları  (sitaqliptin, vildaqliptin, saksaqliptin, linaqliptin və aloqliptin )başlığı altında olan dərmanlar  GLP-1 hormonunun parçalanmasını gecikdirərək qandakı səviyyəsini artırır. DPP4 inhibitorları insulin ifrazını qlukozaya bağlı artırdığından hipoqlikemiya yaratmır, çəki artımına səbəb olmurlar.

GLP-1 analoqları  inyeksiya yolu verilir və qalıcı olur. Bu qrup preparatların fərqliliyi klassik müalicələrlə müqayisədə olan üstünlükləridir. Bu qrup dərmanlar qlukaqon sekresiyasını azaldır, mədə boşalmasını ləngidir, doyma hissini artırır. Beləliklə də çəki azalmasına səbəb olur. Qan təzyiqini bir neçə mmHgsüt aşağı saldıqları qeyd olunur. Bu qrupda hələ ki 2 cür dərman var: Eksenatid (Bayetta) və Liraqlutid (Viktoza)

GLP-1 analoqlarının ən önəmli təsiri qlukozaya bağlı olaraq təsir etməsidir.Başqa sözlə desək, qan şəkəri nə qədər yüksək olarsa , dərmanın şəkər salıcı təsiri o qədər güclü olar, şəkər nə qədər aşağıdırsa şəkər salıcı effekt o qədər zəif olar. Buna görə də hipoqlikemiya olma ehtimalı son dərəcə azalmış olur.

Dəri altı vurulurlar. Ən önəmli yan təsirləri zamanla keçən ürəkbulanmadır.

Şəkərli diabetin müalicəsi zamanı SGLT2 inhibitorları və ya Qliflozinlər, Qlukoretiklər – yeni yaradılan bu dərmanlar tip 2 diabetin müalicəsində istifadə olunmağa başlayıb. Bu preparatlar böyrəkdən qlukozanın geri sorulmasını azaldır və sidik yolu ilə çıxmasını artıraraq şəkəri salır.

Başlıca üstünlükləri çəkini azaltması ( təqribən 2 kg ), hipoqlikemiya riskinin az olması, qan təzyiqini 2-4 mmHgsüt qədər salması, albuminuriyanı azaltmasıdır. Ancaq klassik oral antidiabetiklərlə müqayisədə daha bahadırlar. Bu qrupdan kanaqliflozin, dapaqliflozin və empaqliflozin FDA tərəfindən təsdiqlənib və Amerika, Avropada satışa buraxılıb. Əsas yan təsirləri sidik cinsiyyət infeksiyalarına səbəb olması, çox sidiyə getmə, maye itkisi, təzyiqin düşməsi başgicəllənmədir.

 

Dr. Sevda Qafarova

Endokrinoloq Dr. Sevda Qafarova şəkərli diabet, zob, hipofiz, böyrəküstü vəz xəstəlikləri və s. hər növ endokrinoloji xəstəliklərin müayinə və müalicəsi ilə məşğuldur.

Ünvan: Zəfəran Hospital, Asif Məmmədov küç. 30
Əlaqə nömrəsi: (050) 717 71 21