sevdaqafarova@yahoo.com
Zəfəran Hospital
şəkər Xəstəliyində Qidalanma

Şəkərli diabet xəstələri necə qidalanmalı, nələrə diqqət etməlidir?

Diabeti olub-olmamasından asılı olmayaraq, hər kəsin sağlam yaşamaq üçün qidalanma tərzi eynidir. Şəkərinizin olması digər insanlardan fərqli qidalanmalısınız demək deyil. Sadəcə olaraq, insanlar adətən diabeti olduğunu öyrənənə qədər sağlam qidalanmaq məqsədi ilə deyil, doymaq üçün istədiyini və ona veriləni yediyi üçün qidalanma vərdişlərini dəyişməkdə çətinlik çəkirlər.

  • Qidalanma vərdişlərinizi dəyişməyə sizin üçün ən əsas olandan başlayın.
  • -Əvvəlcə qan şəkərinizin sürətli yüksəlməsinə səbəb olan şəkər və şəkər tərkibli qidalar, eyni zamanda çəkinizin artmasına səbəb olan yağ və yağlı qidaları azaldın.
  • 1 və ya 2 dəfə yemək yerinə 3 dəfə yeməyə çalışın. Yeməklər arasında və  yatmazdan əvvəl ara yemək yeməyə diqqət edin. Bəzən aclıq hissi olmadığı üçün xəstələr ara yeməyi buraxır və ya çeşidini azaldır. Bu da insulin vuran xəstələrdə şəkər düşməsinə səbə ola bilər.
  • Bir gün içində yeyəcəyiniz qidaları gün boyunca yayaraq, sıx-sıx və az-az yemək yemə, yeməkdən sonrakı qan şəkərinizi daha az yüksəldər.

Ara yemək olaraq nə yeyə bilərəm?

Ara yeməklərdə 10-15 gr karbohidrat tərkibli yemək yeməyinizi məsləhət görürük. Ara yemək üçün ən yaxşı seçim çörək və ya onun yerinə yeyilə bilən qida qrupudur. Məsələn, 2 suxarı və ya 3-4 ədəd şəkərsiz peçenye və s.  Bu qrup qidaların yanına az yağlı süd, qatıq, ayran və ya pendir kimi protein tərkibli qida da əlavə edə bilərsiniz. Təzə meyvə və tərəvəz də yaxşı seçim ola bilər.

Şəkərli qidalardan nə yeyə bilərəm?

Qan şəkərinin mənbəyi karbohidratlardır. Karbohidrat tərkibli qidalar qənd, şəkərli qidalar (bal, mürəbbə, doşab, marmalad, şokolad, meyvə suları, dondurma, şirniyyat), un və un məmulatları (çörək, lavaş, makaron), düyü, bulğur, paxlalılar, kartof, tərəvəz, meyvə, süd, qatıqdır. Ancaq bu qidaların tərkibindəki karbohidratların qan şəkərinə təsir sürəti bir-birindən fərqlidir. Bu səbəblə karbohidratlar, qan şəkərini sürətli yüksəldən bəsit karbohidratlı qidalar və qan şəkərini daha gec və yavaş yüksəldən  mürəkkəb karbohidratlı qidalar olmaqla 2 qrupa ayrılır.

Qənd, mürəbbə , bal, doşab, marmalad, hazır meyvə suları, tort, piroq, peçenye, şokolad kimi qidaların tərkibindəki bəsit karbohidratlardır, yəni qan şəkərini sürətli yüksəldirlər. Orqanizmə lazım olan enerjini mürəkkəb karbohidratlardan təmin edərək qan şəkərinin daha gec və yavaş yüksəlməsini əldə edə bilərsiniz. Yediyimiz meyvə, tərəvəz, çörək, düyü, makaron, paxlalılar kimi müxtəlif qidaların tərkibindəki mürəkkəb karbohidratlar da orqanizmdə şəkərə çevrilir. Ancaq bu qidaların tərkibindəki karbohidratların şəkərə parçalanma sürəti yavaş olduğundan qan şəkərini daha gec və daha yavaş yüksəldir.

Sağlam qidalanmaq üçün hər əsas yeməkdə aşağıdakı qrup qidaların hər nirindən olmalıdır.

  • karbohidrat (taxıllar, un və un məhsulları, paxlalılar, kartof, tərəvəz, süd, meyvə, qatıq)
  • protein (ət, yumurta, pendir, süd, qatıq)
  • yağ
  • vitamin və minerallar
  • lif (meyvə, tərəvəz)

Dr. Sevda Qafarova

Endokrinoloq Dr. Sevda Qafarova şəkərli diabet, zob, hipofiz, böyrəküstü vəz xəstəlikləri və s. hər növ endokrinoloji xəstəliklərin müayinə və müalicəsi ilə məşğuldur.

Ünvan: Zəfəran Hospital, Asif Məmmədov küç. 30
Əlaqə nömrəsi: (050) 717 71 21