skip to Main Content
Tip 2 şəkərli Diabet Necə Yaranır, Xüsusiyyətləri, Risk Faktorları

Tip 2 şəkərli diabet necə yaranır, xüsusiyyətləri, risk faktorları

Tip 2 şəkərli diabet, daha əvvəllər “insulindən asılı olmayan diabet” də adlanırdı.

Tip 2 şəkərli diabet necə yaranır, yaranma mexanizmi

Bu xəstələrdə mədəaltı vəzdə insulin ifraz edən beta hüceyrələrdə pozğunluq və insulin dirənci vardır. Tip 2 diabetli xəstələrdə periferik toxumalarda (xüsusilə əzələ və yağ toxumasında) insulinin təsiri yetərsizdir. Buna insulin dirənci deyilir. Bundan əlavə, mədəaltı vəz qandakı şəkər yüksəlməsinə cavab olaraq yetərli miqdarda insulin ifraz edə bilmir. Zaman keçdikcə insulin ifraz edən beta hüceyrə sayı azalır. Bu hüceyrələr azaldıqca insulin miqdarı azalır və qanda şəkər yüksəlməyə başlayır.

Deməli tip 2 diabetdə həm insulin ifrazında pozğunluq, həm də insulinin kifayət qədər təsirli olmaması (insulin dirənci) mövcuddur və bu iki pozğunluq səbəbi ilə tip 2  şəkərli diabet yaranır. Adətən  tip 2 diabetin əvvəli insulin dirənci ilə başlayır. İnsulin sekresiyasında ciddi azalma isə diabetin irəli dövrlərində və ya araya girən xəstəliklər nəticəsində ön plana keçir.

2-ci tip şəkərli diabetin xüsusiyyətləri

Tip 2 şəkərli diabet, son illərdə piylənmənin artmasına paralel olaraq sürətlə artmaqdadır.

  • Adətən 30 yaş sonrası ortaya çıxır, lakin son 10-15 ildə piylənmənin artmasıyla uşaqlıq və cinsi yetkinlik çağlarında da yaranan diabetin sayı artmışdır.
  • Güclü genetik meyllik mövcuddur. Ailədə genetik sıxlıq artdıqca sonrakı nəsillərdə diabet riski artar və xəstəlik daha erkən yaşlarda rast gəlinər.
  • Xəstəlik adətən gizli başlayır. Yəni çox xəstədə heç bir əlamət olmur.
  • Bəzi xəstələrdə isə bulanıq görmə, əl və ayaqlarda uyuşma, gizildəmə, ayaq ağrıları, təkrarlayan göbələk infeksiyaları və ya yara sağalmasında gecikmə ola bilər.
  • Başlanğıcda diabetik ketoasidoza meylli olmurlar. Ancaq şəkər uzun müddət yüksək olduqda və ya beta hüceyrə rezervinin azaldığı irəli dövrlərdə diabetik ketoasidoz ola bilər.

Kimlərin tip 2 diabetə tutulma ehtimalı daha yüksəkdir?

  • Artıq çəkili olanlar
  • Bel çevrəsi 90 cm-dən çox olanlar
  • Hərəkətsiz həyat keçirənlər
  • Siqaret çəkən, spirtli içki qəbul edənlər
  • 45 yaşından yuxarı olanlar
  • Ailədə şəkər xəstəliyinin olması
  • Genetik meyllilik
  • Təzyiq yüksəkliyi olanlar
  • Qan yağlarının yüksək olanlar
  • Yumurtalıqlarən polikistozu olan qadınlar
  • Əvvəlki hamiləliklərində diabet aşkarlanan qadınlar

Dr. Sevda Qafarova

Endokrinoloq Dr. Sevda Qafarova şəkərli diabet, zob, hipofiz, böyrəküstü vəz xəstəlikləri və s. hər növ endokrinoloji xəstəliklərin müayinə və müalicəsi ilə məşğuldur.

Ünvan: Zəfəran Hospital, Asif Məmmədov 30
Əlaqə nömrəsi: (050) 717 71 21

Back To Top